Ümummilli Lider yad edilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı Culfa Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. İlk öncə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Culfa Rayon təşkilatının sədri, ziyalılar, idarə, müəsisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Culfa şəhərində yerləşən büstünü ziyarət ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov çıxışlarında xalqımızın XX əsrdə yetişdirdiyi tarixi şəxsiyyət olan Heydər Əliyevin milli şüurun oyanışında və formalaşmasında misilsiz xidmətlərindən, onun zəngin və mənalı həyat yolundan bəhs ediblər. O cümlədən diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən meqa layihələrin nəticəsində respublikamız sürətlə inkişaf edərək SSRİ-nin qabaqcıl ölkələrindən birinə çevrilir. Həmin vaxt Culfa rayonunda da əhəmiyyətli, dövrün tələblərinə uyğun böyük işlər görülmüşdür. Məhz Ümummilli Liderin zəhməti hesabına Culfa rayonunda yaşayış binaları, şərab zavodları, üzümçülük, heyvandarlıq, baramaçılıq, ən əsası isə nəinki Azərbaycanda, o zamankı sovet Rusiyasında da əhəmiyyəti ilə önə çıxan dəmir yolu infrastrukturu təkmilləşdirilərək istifadəyə verilmişdir. 

Sonda Ulu Öndərin həyatından bəhs edən "Əbədiyyətin ilk əsri" adlı film nümayiş olunmuşdur.