Rayon haqqında

Culfa rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənubda isə İranla həmsərhəddir. Ərazisi 926,3 km2, əhalisi 47,263 nəfərdir (01.01.2020-ci il).

Mərkəzi Culfa şəhəridir. Rayonda 22 kənd vardır.

Rayon ərazisi Zəngəzur dağ silsiləsi, Arazboyu və Culfa düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi Dəmirlidağdır (3364 m). Darıdağ və s. mineral sular çıxır. Yayı quraq isti, qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Əlincə və s. çaylar axır. Rayonda Bənəniyar su anbarı yerləşir.

Rayonda 25 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 23 kitabxana, 9 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar fəaliyyət göstərir.

Culfa rayonunun ərazisindən keçən dəmir yolunun uzunluğu 31 kilometrdir. Avtomobil yolunun uzunluğu isə 173 kilometrdir.

Culfa rayonunda Gülüstan türbəsi, Daş körpü, Ərəfsə piri, Xanəgah Abidələr Kompleksi, Kırna cümə məscidi, Əshabi-Kəhf Ziyarətgahı, Qazançı qalası, Qazançı körpüsü, Əlincəqala kimi tarixi-memarlıq abidələri vardır.

Son illərdə rayonun ərazisində olan tarix-memarlıq abidələrinin təmiri və bərpası istiqamətində əsaslı işlər görülmüşdür.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Rayon ərazisində “Gülüstan” tarix mədəniyyət qoruğu var.