Tarixi keçmişimizə və görkəmli şəxsiyyətlərin fəaliyyətinə işıq tutan muzeylər milli irsin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”. Elə bu məqsədlə muxtar respublikamızda, eləcə də rayonumuzda fəaliyyət göstərən muzeylərə idarə, müəssisə və digər təşkilat kollektivlərinin ziyarəti artıq ənənə halını almışdır.
Culfa Rayon İcra Hakimiyyəti aparatı, Culfa şəhər icra nümayəndəliyi və “Arazın Səsi” qəzeti redaksiyasının kollektivləri Tarix-Diyarşünaslıq Muzeyində olmuş,rayonumuzun ərazisindən tapılmış və muzeydə nümayiş etdirilən maddi-mədəniyyət nümunələri, ulu babalarımızın və ağbirçək nənələrimizin hazırladıqları əkinçilik, dulusçuluq, toxuculuq alətləri ilə tanış olmuşlar. Muzeyin bələdçisi Aysun Həsənova burada nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat vermişdir. Birinci zalda rayonumuzun ərazisində tapılmış mis-daş dövrünə aid nümunələr, ikinci zalda arxeoloji qazıntılar zamanı əldə olunmuş məişət əşyaları-küplər, mis və saxsı qablar, üçüncü zalda bəzək əşyaları, milli geyimlər, dördüncü zalda xalçaçılıq məmulatları, xalça toxunmasında istifadə olunan alətlər, cəhrə, daraq və sair haqqında məlumat verilmişdir.