Respublikamızın ərazi bütövlüyünün bərpasının təcəssümü olan 8 noyabr - Zəfər Günü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında Culfa Rayon İcra Hakimiyyətinin və Culfa Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. İştirakçılar ilk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Culfa rayon şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gələrək şəhidlərimizin xatirəsi anıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov və şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov çıxışlarında Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsi üçün böyük işlər görən ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Azərbaycan Vətən müharibəsində hərbi qüdrətini, bu gün isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işləri ilə iqtisadi qüdrətini dünyaya sübut edib. Vurğulanmışdır ki, 20 illik hakimiyyəti dövründə Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edən, Azərbaycanın ərazi bütövlüyünü qoruyan və bərpa edən prezident İlham Əliyev bu missiyanı uğurla yerinə yetirmişdir.
Tədbir bədii hissə ilə başa çatıb.
Aidə İBRAHİMOVA