
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Culfa şəhərində və kənd yaşayış məntəqələrində ağacəkmə aksiyaları keçirilib. Culfa şəhərində keçirilən aksiyada Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və yaşayış məntəqələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyan aksiya çərçivəsində Culfa şəhərində 250 ədəd, rayonun kəndlərində isə 1253 ədəd meyvə və meşə ağacı, həmçinin dekorativ kollar əkilib. Keçirilən aksiyalar zamanı rayon ərazisində ümumilikdə 1503 ədəd ağac və dekorativ kol əkilərək yaşıllıq sahələrinin artırılmasına töhfə verilib. Qeyd edək ki, Zəfər Gününün quruculuq və abadlıq təşəbbüsləri ilə qeyd olunması qazanılmış Zəfərin inkişaf və yenilənmə ruhunu əks etdirir.