Zəfər Günü Culfa rayonunda qeyd olunub

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında rəsmi bayram tədbiri keçirilib. Tədbir çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Ali Məclisin deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri və icra hakimiyyətinin əməkdaşları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Culfa şəhərində ucaldılmış abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                  

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixindəki mühüm yerindən, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbə xalqımızın milli birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün və Vətənə sədaqətinin bariz ifadəsidir.

Daha sonra Vətən müharibəsi şəhidi Yaqub Nəcəfovun anası Xuraman Zeynallı və müharibə qazisi Ümman Məmmədov çıxış edərək Zəfər Gününün xalqımızın yaddaşında əbədi yaşayacağını, şəhidlərimizin qəhrəmanlığının və qazilərimizin xidmətlərinin daim ehtiramla yad ediləcəyini bildiriblər.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunmuş vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa olunub, rəqs kompozisiyaları təqdim edilib.