Zəfərə aparan qəhrəmanlar – Şəhidlərimizi minnətlə anırıq!

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsində təkcə otuz illik yox, XX əsrin əvvəllərindən bəri bir neçə dəfə xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti yürüdən, tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərdən törətdikləri azğınlıqların qisası alındı. Onlardan fərqli olaraq biz döyüşü mülki insanlarla, qocalarla, qadınlarla, uşaqlarla aparmadıq. Necə deyərlər, mərdimərdanə vuruşduq, qorxmadan, çəkinmədən. Halbuki humanizm kimi ali dəyərlərdən çox uzaq olan düşmən xislətinə uyğun olaraq yandırdı, taladı, dağıtdı, məhv etdi. Üstəgəl, insanlıq əleyhinə ağlasığmaz cinayətlər törətdi. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Ermənilər bu qırğınları həyata keçirərkən ölkəmiz naşı rəhbərlərin əlində idi. Siyasi anarxiya, hakimiyyət davası və bütün bunların fonunda vətəndaş müharibəsi. Otuz il bundan öncə ölkəyə rəhbərlik edən və siyasi səriştəsi olmayanlar gələcək nəsillər üçün böyük bir məsuliyyət qoyub getdilər. Tarixi ədalətin bərpası kimi mühüm missiya... Bu missiyanı şərəflə yerinə yetirəcək olan isə Azərbaycan Ordusu idi. Hansı ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən məhz Naxçıvanda atılmışdı. Ümummilli lider xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmaqla dövlətçiliyimizi və müstəqilliyimizi qoruyub saxladı. Ölkə Prezidenti cənab İlham Əliyev də ulu öndərin yolunu uğurla davam etdirərək ordumuzun qüdrətini daha da artırdı. 2016-cı ilin aprel döyüşlərində, iki il sonra Naxçıvanda Günnüt əməliyyatında nəyə qadir olduğunu göstərən ordumuz mənfur düşmənə dərs verdi. Lakin Azərbaycanın münaqişənin həll olunması üçün beynəlxalq arenada sərgilədiyi sülhsevər niyyətinə müsbət cavab vermək əvəzinə havadarlarına arxalanan düşmən öz ənənəsinə sadiq qalaraq 2020-ci il sentyabrın 27-də bütün cəbhəboyu hərbi təxribata əl atdı. Hətta Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüz siyasətini nümayiş etdirdi. Nəticədə, hərbi qulluqçularla yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 azyaşlı uşaq həlak oldu. Bu, Ermənistan üçün özünəqəsd, intihar və ən əsası cənab Ali Baş Komandanın formalaşdırdığı ordu tərəfindən başından “Dəmir yumruq” almaq demək idi. Artıq otuz il Qarabağda tariximizə, mədəniyyətimizə, incəsənətimizə sahiblənməyə çalışan və bununla da özünü dünyanın “ən qədim xalq”larından biri kimi qələmə verməyə çalışan düşmənin hesab vermək vaxtı gəlib çatmışdı. Çox gözləmişdik, çox arzulamışdıq biz bu günü. Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərəkətə keçən Azərbaycan əsgəri düşmənin qorxulu röyası olmaq üçün yola çıxmışdı. Keçən hər gün bizi Qarabağa daha da yaxınlaşdırırdı. Artıq oktyabr ayının ilk günlərində Suqovuşanda və Cəbrayıl şəhərində üçrəngli Azərbaycan bayrağının dalğalanması xəbərini Ali Baş Komandandan eşitdik. Düşmən rəzil vəziyyətə düşmüşdü. Azərbaycan əsgərinin rəşadəti və qüdrəti qarşısında tab gətirə bilmirdi. Əslində, bu, başadüşülən idi. Çünki torpağın həqiqi sahibi, yiyəsi geri dönmüşdü. 

Beləliklə, 44 gün ərzində Azərbaycan əsgəri 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Qarşı tərəf belə demək mümkünsə, diz çökdü, məğlubiyyəti ilə barışdı, kapitulyasiya aktına imza atdı. İşğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə bir güllə belə atılmadan boşaldılaraq Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatı Zəfərlə yekunlaşdı. Müharibənin sonlanması ilə Qalib Ordu Zəfər paradına çıxdı. Döyüşlərin bitməsindən bir ay belə keçməmiş Azərbaycan əsgəri Qələbə keçidi üçün hazırlıqlara başladı və 2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq meydanında Böyük Qələbənin təntənəsini yaşadıq. Azəbaycan Ordusu düşmənin döyüş meydanında məhv etdiyi və hərbi qənimət kimi götürdüyü texnikalarını nümayiş etdirdi. Bununla da Azərbaycan torpaqlarında sədd qurub “keçilməz Ohanyan xətti” adlandıranların mif, xülya darmadağın edildi. Bütün dünyaya göstərdik ki, Vətən sevgimiz, haqq işimiz hər cür maneəni dəf etməyə yetərlidir. 

Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.

Döyüş meydanında mənfur düşmənin biabırçı şəkildə məğlub olmasına, başından “Dəmir yumruq” almasına baxmayaraq, hələ də bəzi qüvvələr revanşist hisslərlə yaşayır və regionda Azərbaycan Prezidentinin, ordumuzun yaratdığı yeni reallıqlarla barışmaq istəmirlər. Halbuki, bütün iqtisadi və sosial layihələrdən təcrid olan işğalçı ölkə cənab İlham Əliyevin təklif etdiyi sülh gündəliyinə müsbət reaksiya verəcəyi, regionda nəqliyyat-kommunikasiya əlaqələrini bərpa edəcəyi təqdirdə 30 ildən sonra rahat nəfəs ala bilər. Amma təəssüf ki, Ermənistanda baş qaldıran revanşistlər hələ də 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətin qisas xəyalı ilə yaşayırlar. Bunun nəticəsi isə indidən bəllidir. Necə deyərlər, bizim üçün hava xoşdur!

Biz Qalib ölkəyik, biz Qalib xalqıq, bizim bayrağımız Qalib bayraqdır, biz yeni zəfərlərə doğru addımlayan MÜZƏFFƏR LİDERin ətrafında sıx birləşmişik. 

PS:  Bu gün xalqımız yaşadığı bütün xoş duyğuları şəhidlərimizə, qazilərimizə, bir sözlə əsgərimizə borcludur. Bizi Qarabağ torpağına əbədi qovuşduran oğulların xatirəsi qəlbimizdə daim yaşayacaqdır.