
Culfa rayonunun Yaycı kəndində kənd təsərrüfatı kooperativlərinin yaradılması və kooperativ təsərrüfatçılığın inkişafı ilə bağlı görüş keçirilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, aidiyyəti qurumların əməkdaşları və kənd təsərrüfatı ilə məşğul olan yerli təsərrüfatçılar iştirak ediblər. Görüşdə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının üstünlükləri, fəaliyyət istiqamətləri və təsərrüfatçılığın bu model əsasında təşkilinin yaratdığı imkanlar barədə məlumat verilib. Bildirilib ki, kooperativlərin yaradılması fermerlərin imkanlarının birləşdirilməsinə, torpaq və digər resurslardan daha səmərəli istifadəyə, istehsalın həcminin və məhsuldarlığın artırılmasına, eləcə də məhsulların bazara çıxarılmasının asanlaşdırılmasına şərait yarada bilər. Tədbirdə torpaq sahələrindən könüllülük prinsipi əsasında birgə və səmərəli istifadənin təşkili, kooperativ təsərrüfatçılığa dövlət dəstəyi mexanizmləri, fermerlər üçün mövcud imkanlar və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb. Yaycı kəndində fəaliyyət göstərən təsərrüfatçıların təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Kənddə kooperativ modelinin tətbiqi üçün mövcud imkanlar, təsərrüfatların inkişaf perspektivləri və yerli istehsal potensialından daha səmərəli istifadə yolları müzakirə olunub. Görüşün davamında iştirakçılar Yaycı kəndində yerləşən kənd təsərrüfatı sahələrinə baxış keçiriblər. Sahələrdə mövcud vəziyyət, istehsal imkanları və kooperativ təsərrüfatçılığın tətbiqi üçün potensial ərazilər yerində qiymətləndirilib.