Yaşıllıqlara payız qayğısı göstərilir

Muxtar respublikada həyata keçirilən ekoloji siyasət nəticəsində geniş yaşıllıq zolaqları və meyvə bağları salınmışdır. Bu da ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir.          

Rayonumuzda da təbiətə qayğı ilə yanaşılır. Hər il olduğu kimi, bu il də payız fəslində  xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinə uyğun olaraq ağac əkmək, səliqə-sahman yaratmaq, yeni yaşıllıqların salınması, əvvəlki illərdə yaradılmış yaşıllıq zolaqlarında qurumuş ağacların bərpa olunması diqqətdə saxlanılır. Həyata keçirilən tədbirlərin miqyası genişləndikcə bölgəmiz öz simasını dəyişir, yaşıllığa bürünür. Artıq qızıl donlu payızın son ayıdır. Bütün fəsillər kimi payız fəslinin də öz gözəlliyi, öz qayğıları vardır.  Rayonumuzun idarə, müəssisə və təşkilat kollektivləri payızın son ayında ağac əkini işlərini genişləndirir, yeni yaşıllıq zolaqlarının salınması ilə yanaşı, yaşıllıq zolaqlarının bərpa olunmasına da diqqəti artırırlar.

Keçən şənbə iməciliyində rayonumuzun idarə və təşkilatlarının kollektivləri Culfa-Ordubad və Culfa-Ərəfsə magistral yolunun kənarlarında yaşıllıqlara qulluq göstərmiş, bərpa tədbirləri aparmışdır. İməcilik iştirakçıları yaşıllıq zolaqlarında ağacların qurumuş budaqlarını təmizləmiş, ətrafda səliqə-səhman yaratmışlar.

Payızın son iməciliyində rayon mərkəzi ilə yanaşı, kəndlərdə də əsl qaynarlıq hiss olunmuş, kənddaxili yollarda, ətraf ərazilərdə  təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmışdır.

Bu gün rayonumuzun hər bir sakini çalışır ki, onlar yaşıllaşdırma tədbirlərində fəal iştirak etsin, yaşadığımız bölgənin yaşıllığa bürünməsində öz töhfəsini versin. Çünki yaşıllıqlara qayğı göstərmək hər şeydən əvvəl doğma Vətənə, ana təbiətə qayğı göstərməkdir.