Yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Ərəzin kəndində “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici seminar-müşavirə keçirilib. Tədbirdə yay mövsümündə biçilmiş taxıl sahələrində, əkin və otlaq ərazilərində, meşələrdə, eləcə də fərdi təsərrüfatlarda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülməli işlər diqqətə çatdırılıb.  Seminarda çıxış edən natiqlər yanğınların əsas yaranma səbəbləri, qabaqlayıcı tədbirlər, təhlükə zamanın davranış qaydaları və ilkin müdaxilə vasitələrindən düzgün istifadənin əhəmiyyəti barədə məlumat veriblər. Seminar zamanı mövzu ilə bağlı slayd təqdimatı və maarifləndirici videoçarx nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Həmçinin yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici broşürlər paylanılıb.