8 Aprel 2025, Çərşənbə axşamı

XX əsrin faciəsi – Xocalı soyqırımı

1990-cı illərin əvvələrində Sovet İttifaqının çöküşü prosesi başlayarkən erməni millətçiləri xarici havadarlarının da köməyi ilə Azərbaycana qarşı elan olunmamış müharibəyə başladılar. Həmin vaxt Azərbaycanda daxili çəkişmələrin hesabına yaranan siyasi qeyri-sabitlik, nizami ordunun olmaması ermənilərin dəyirmanına su tökürdü. Cəbhədə özünümüdafiə dəstələri Ermənistan ordusna qarşı vuruşarkən, Bakıda kreslo davası gedirdi. Bütün bu hadisələrin fonunda isə tarixi torpaqlarımız işğal edilir, insanlar həlak olur, yurdlarından qovulurdular. Arxalarına rus ordusunun da dəstəyini alan erməni quldurları gün keçdikcə daha da azğınlaşırdılar. 1980-ci illərin sonu başlayan münaqişə 1992-ci ildə aktiv fazaya keçdi və döyüşlər daha da şiddətləndi. Azərbaycanda nizami ordunun olmaması ucubatından qeyri-bərabər şəraitdə keçən döyüşlər torpaqlarımızın itirilməsi və daha çox insan itkisi ilə nəticələnirdi. Hər keçən gün cəbhədən gələn sarsıdıcı xəbərlərin sayı daha da artırdı. Dezinformasiyanın çoxluğu, dəqiq informasiyanın isə az olması ucubatından insanlar baş verən proseslərdən çox gec xəbərdar ola bilirdilər. 1991-ci ilin oktyabrından Qarabağda yeganə hava limanının olduğu Xocalı şəhərinin əhalisi ilə birlikdə mühasirədə qalması xəbəri Azərbaycan xaqlında şok effekti yaradır. Quru yolu ilə əlaqə kəsildiyindən artıq yalnız helikopterlər vasitəsi ilə şəhər sakinlərinə yardım göstərilirdi. Ən son Şuşa səmasında mülki helikopter vurulduqdan sonra 1992-ci il yanvarın 28-də bu əlaqə də kəsilir. Bununla da xocalılılar çarəsiz şəkildə baş verəcək “möcüzəni” gözləməyə məcbur olurlar. Hətta yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi də dayandırılır. Cəbhədə bunlar yaşanarkən, paytaxt Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Sözün əsl mənasında Xocalı, əhalisi ilə birlikdə Allahın ümidinə tərk edilmişdi. Hər keçən gün şəhərin üstünü alan qara buludlar bir az daha çoxalırdı. Düşmən artıq alçaq planını həyata keçirmək üçün hazırlıqlarını tamamlayır və fevralın 25-i axşam çağından toplardan, zirehli texnikalardan Xocalını şiddətli atəşə tutur. Fevralın 25-dən 26-a keçən gecə isə Xankəndi şəhərində yerləşdirilmiş rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin də köməyi ilə Xocalı şəhərinə misli görülməmiş hücuma başlayır. Düşmənin əlinə keçməmək və canını qurtarmaq məqsədilə Xocalıda yaşayan 2500 nəfər əhali yaxınlıqdakı Ağdama çatmaq üçün qarlı, şaxtalı soyuq qış gecəsində dağlara və Qarqar çayına tərəf üz tuturlar. Bütün bunları əvvəlcədən düşünən xain düşmən gecənin zülmət qaranlığından istifadə edərək insanların gedə biləcəyi yollarda pusqu quraraq qoca, uşaq, qadın demədən hərkəsi atəşə tutur. Nəticədə təkcə Azərbaycanın deyil, dünyanın tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımı faciəsi yaşanır. Həmin gecə Ermənistan ordusu ilə birlikdə Rusiyanın 366-cı motaatıcı alayı günahsız 613 nəfər azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirirlər. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Xocalı faciəsi yaşanan gecə 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb, 27 ailənin yalnız 1 üzvü sağ qalıb, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır), 1275 insan əsir götürülüb, 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

 Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

1992-ci il fevralın 26-da Xocalı şəhərində günahları yalnız azərbaycanlı olan insanlara qarşı bu vəhşiliyin sistemli şəkildə törədilməsi onu sübut edir ki, soyqırımı cinayəti təsadüf nəticəsində baş verməyib. Bu, yaxın keçmişdə tarixi torpaqlarımızın bir hissəsində nəinki yaşamaqlarına, hətta dövlət yaratmaqlarına belə razı olduğumuz hayların xalqımıza qarşı bəslədiyi nifrətin, kinin təzahürü idi.

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Belə ki, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Bu gün Xocalı soyqırımında həyatını itirənlərin ruhları şaddır. Çünki Xocalının 30 illik əsirlik həyatı sona yetib. Şanlı Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalçıları torpaqlarımızdan qovub çıxartdı. Artıq xocalılar öz dədə-baba yurdlarına qayıdırlar. Sönmüş çıraqların işıqları ətrafı aydınladır, ocaqlardan təbiət anaya yad olmayan tüstü yayılır. Dağlar, dərələr, meşələr, balasından ayrı düşmüş ana kimi hər gün xocalıları qucaqlayıb öpür, bağrına basır.