2025-ci il iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi təkcə beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı baxımından deyil, həm də Azərbaycanın siyasi, diplomatik və tarixi zəfərinin təntənəsi kimi yadda qaldı. Ölkəmizin rəhbərinin bu tədbirdə etdiyi geniş və dərin məzmunlu çıxış, Azərbaycanın regional güc kimi artan rolunu, post-münaqişə dövründə gördüyü quruculuq işlərini və beynəlxalq platformalarda qazandığı nüfuzu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev çıxışının əvvəlində Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürünü bildirdi və Azərbaycanın ECO ilə əməkdaşlığının uzun illərə söykəndiyini xatırlatdı. O qeyd etdi ki, ölkəmiz artıq üçüncü dəfədir ki, bu ali beynəlxalq tədbirə ev sahibliyi edir. 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş Zirvə görüşlərindən sonra bu dəfə Xankəndidə keçirilən tədbir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin beynəlxalq səviyyədə tanınmasının və onların bərpasının canlı sübutudur.
Cənab Prezident çıxışında vurğuladı ki, bu gün ECO Zirvə görüşünün Xankəndidə – tamamilə yenidən qurulmuş Konqres Mərkəzində keçirilməsi xüsusi rəmzi məna daşıyır. Ermənistanın 30 ilə yaxın işğalı altında qalmış torpaqlar artıq Azərbaycan dövlətinin nəzarətindədir və burada beynəlxalq tədbirlər uğurla keçirilir. 2023-cü ildə Şuşada ECO Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, 2025-ci ilin mayında isə Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşü kimi tədbirlər bu siyasətin tərkib hissəsidir.
Prezident Əliyev çıxışında Ermənistanın işğalçılıq siyasətinə və onun nəticələrinə geniş yer ayırdı. Bildirdi ki, Ermənistan 30 ilə yaxın Azərbaycanın təxminən 20 faiz ərazisini işğal altında saxlamış, bir milyondan artıq azərbaycanlını doğma yurd-yuvasından didərgin salmış, etnik təmizləmə aparmışdır. Azərbaycanın bu vəziyyətlə heç vaxt barışmadığını vurğulayan Prezident, 2020-ci ilin Vətən müharibəsində əldə edilən parlaq qələbənin nəticəsi olaraq ərazi bütövlüyünün bərpa olunduğunu xatırlatdı.
Ölkə başçısı çıxışı zamanı Ermənistanın törətdiyi vandallıqları – 67 məsciddən 65-nin dağıdılması, qəbiristanlıqların talan edilməsi və dini abidələrin təhqir olunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Qeyd etdi ki, işğal nəticəsində Azərbaycana dəymiş maddi zərər xarici ekspertlərin iştirakı ilə 150 milyard ABŞ dolları həcmində qiymətləndirilib. Vətən müharibəsindən sonra da Ermənistanın törətdiyi təxribatların acı nəticələri davam edir. Prezident qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb və bu günə qədər 400-ə yaxın vətəndaş mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarət alıb. Bu faktlar Ermənistanın müharibədən sonrakı mərhələdə də insanlıq əleyhinə cinayətlər törətməyə davam etdiyini göstərir.
Bu gqn Azərbaycanın əsas prioritetlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 16 şəhər və kəndə qayıdış təmin olunub. Hal-hazırda bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Prezident Əliyev qeyd etdi ki, Ermənistanın viran qoyduğu ərazilər bu gün yeni infrastrukturla, müasir şəhərsalma layihələri ilə yenidən qurulur.
Prezident İlham Əliyev Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların sülh yolu ilə geri dönüşü məsələsini də gündəmə gətirdi. O, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında bu məsələyə dair yekdil qəbul olunmuş qətnaməni yüksək qiymətləndirdi. “İstanbul Bəyannaməsi”ndə azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ tanınır, Ermənistanın bu hüququ tanımaqdan imtinası isə qınanır.
Çıxışın sonunda Prezident Əliyev Azərbaycanın iqtisadi imkanlarına toxunaraq bildirdi ki, son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub, bunun yarısı xarici sərmayədir. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyində mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizin tranzit imkanlarını artırır və ECO ölkələri üçün mühüm logistik platforma yaradır.