“Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri (Gender aspekti ilə yanaşma)” mövzusunda təlim keçirilib

10 avqust 2026-cı il tarixdə Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri (Gender aspekti ilə yanaşma)” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimi Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə açaraq mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirib ki, uşaq tərbiyəsi cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm amillərdən biridir. Bu prosesdə valideynlərin rolu əvəzolunmazdır. Valideyn övladı üçün həm ilk müəllim, həm də ilk nümunədir. Uşağın şəxsiyyət kimi formalaşmasında valideynin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət təkcə övlad sahibi olmaqla məhdudlaşmır, eyni zamanda onların əxlaqi, mənəvi, sosial və psixoloji inkişafı naminə davamlı və şüurlu fəaliyyət göstərməyi tələb edir. Bildirilib ki, valideynlər övladlarına kifayət qədər vaxt ayırmalı, onları diqqətlə dinləməli və hisslərini anlamağa çalışmalıdırlar. Uşağın sağlam inkişafı üçün onun həm fiziki, həm də emosional ehtiyaclarının qarşılanması mühüm əhəmiyyət kəsb edir. Təlim diskussiya şəklində davam etdirilib, mövzu ilə bağlı sorğu keçirilib, iştirakçılara maarifləndirici broşürlər paylanılıb, həmçinin posterlər elan lövhələrində yerləşdirilib.