Qədim tarixə və mədəniyyətə sahib Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımlarına məruz qalmış xalqlarındandır. Cənubi Qafqaza köçürüldükdən sonra imperialist dairələrin dəstəyindən məharətlə istifadə edərək regionda möhkəmlənmiş ermənilər XX əsrin ilk illərindən başlayaraq müəyyən fasilələrlə azərbaycanlılara qarşı soyqırımı aktları törətmişlər. Azərbaycanın əksər bölgələrində həyata keçirilən qətliyamlar rusiyada çarizmin devrilməsindən sonra daha da genişləndirilmiş və Naxçıvanı da əhatə etmişdir.
Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlayırlar. Belə ki, təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, NorBəyazid qəzasında 7 kənd, ümumilikdə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə-yeksan edilmişdir.
1918-ci ilin martında Stepan Şaumyan Qafqazın Fövqəladə Komissarı təyin edilir və Bakıya göndərilir. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başlayır. Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olmuş ermənilər, xüsusilə də Andronikin rəhbərllik etdiyi silahlı quldur dəstələri 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutmuşdur. Həmin vaxt işğalçılara ciddi müqavimət göstərmiş Yaycı kəndinin əhalisinə divan tutulmuş, kənd viran qoyulmuşdur. Qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, əliyalın insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları yırtılmış və başqa insanlığa sığmayan işgəncələr verilmişdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulmuşdur. Həmçinin Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılmışdır.
Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin mart ayındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdir. Burada baş verən qətliamlarda 2000 türk müsəlman əhali qətlə yetirilmişdir.
Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yapon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 kilometr şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qətlə yetirmiş, sağ qalanları isə öz tarixi yurdlarından didərgin salmışdır. Təxminən 200 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdır. Osmanlı Ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etmişdir.
1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətmişdir. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınmış, Dəmirçi kəndi dağıdılaraq qarət olunmuş, 60 nəfər həbs edilərək İrəvana göndərilmiş, 200 nəfər Arazı keçmək istəyərkən çayda boğulmuşdur. Yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşan erməni hərbi hissəsi geri çəkilməyə məcbur olmuşdur.
1919-cu ilin 1-ci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da mahalın azərbaycanlı əhalisinə qarşı ağlasığmaz zorakılıqlar edilmişdir. Təxminən iki aylıq “erməni idarəçiliyi” (1919, may-iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 600 nəfərə yaxın dinc sakin həbs olunmuş, təqribən 150 nəfərə isə dəhşətli işgəncələr verilmişdir. Bölgənin yerli əhalisinin “erməni idarəçiliyi”nə qarşı bir həftəlik üsyanının (19-25 iyul) uğurla nəticələnməsi, yəni daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni soyqırımların qarşısını almışdır.
Ermənilərin yürütdükləri “yandırılmış torpaq” etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üzləşmişdir. Bir tərəfdən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə, Andronikin işğalı və “erməni idarəçiliyi” zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdur.
Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk vaxtlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdir. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlar araşdırılarkən sübut olunmuşdur ki, Zəngabasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır. Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir.
Bütövlükdə, 1918-21-ci illərdə erməni quldurları tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir.
Faciənin törədildiyi iki il ərzində bütün bu mahallardan 50 min iri və xırdabuynuzlu mal-qara aparılmış, 500 min nəfərlik əhali tamamilə yoxsul vəziyyətə salınmışdır. Kütləvi qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 mindən çoxu aclıq və xəstəliklərdən tələf olmuşdur. Qaçqınların 70 mini Cənubi Azərbaycanda, 400 min nəfəri isə Naxçıvanda və onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdır.
1921-ci ilin yanvarında Naxçıvan əhalisinin referendum əsasında Azərbaycanın tərkibində qalmaq arzusunu qəti şəkildə bildirməsi, Moskva və Qars müqavilələri (1921) ilə diyara Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması (1924) ilə bölgədə türk-müsəlmanların soyqırımına qismən son qoyulmuşdur. Lakin “Böyük Ermənistan” yaratmaq kimi sərsəm xülyalarla yaşayan erməni şovinistləri sonralar da bu siyasətdən əl çəkməmiş, XX əsr boyu açıq və gizli şəkildə davam etdirmişlər (30-cu illərin qanlı repressiyaları, 40-50-ci və 80-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Qərbi Azərbaycandan kütləvi surətdə deportasiyası və sair).
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini əbədiləşdirmək və qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayır və həmin Fərmanla hər il martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
2020-ci ilin sonlarında Azərbaycan Respublikasının hərbi-siyasi tarixinin şanlı səhifəsi yazıldı. Ermənistan ordusunun hücumuna əks-hücumla cavab verən Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə layiq olduğu yeri göstərdi. Azərbaycan xalqı son 2 əsrlik tarixində ərazi bütövlüyünü bərpa edərək uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız, tarixi ədaləti bərpa etdi. Böyük qələbə qazanan ordumuz həlak olmuş günahsız qurbanlarının qisasını aldı. Eməni vandallarının qətlə yetirdiyi insanların və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu artıq şaddır!