Unudulmayan qan yaddaşı - Xocalı soyqırımı

XX əsrin son onilliyi dünya siyasi sistemində köklü dəyişikliklərlə yadda qaldı. Bu dövr Sovet Rusiyasının çöküşü, yeni dövlətlərin yaranması və regionlarda dondurulmuş münaqişələrin alovlanması ilə xarakterizə olunur. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra postsovet məkanında yaranan hakimiyyət boşluğu bir çox ərazilərdə etnik münaqişələrin kəskinləşməsinə səbəb oldu. Cənubi Qafqaz da bu prosesdən kənarda qalmadı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və separatizm siyasəti nəticəsində Dağlıq Qarabağ bölgəsində silahlı qarşıdurma başlandı və qısa müddətdə genişmiqyaslı müharibəyə çevrildi.

1990-cı illərin əvvəllərində Azərbaycan yeni müstəqillik qazanmış dövlət kimi həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan ağır vəziyyətdə idi. Daxili hakimiyyət çəkişmələri, idarəetmə böhranı və nizami ordunun formalaşmaması ölkənin müdafiə qabiliyyətini zəiflədirdi. Bu vəziyyətdən istifadə edən erməni silahlı birləşmələri strateji məntəqələri ələ keçirməyə çalışırdı. Müharibənin ilk mərhələsində Azərbaycanın müdafiəsi əsasən könüllü dəstələrin üzərinə düşmüşdü ki, bu da peşəkar hərbi koordinasiyanın olmaması səbəbindən itkiləri artırırdı.

Bu dövrdə Qarabağın mühüm yaşayış məntəqələrindən biri olan Xocalı xüsusi strateji əhəmiyyət daşıyırdı. Şəhərdə bölgənin yeganə hava limanı yerləşirdi və bu səbəbdən o, həm nəqliyyat, həm də hərbi baxımdan mühüm mövqe sayılırdı. 1991-ci ilin sonlarından etibarən şəhər tam mühasirəyə alındı. Quru yollar bağlandı, ərzaq və tibbi ləvazimat çatışmazlığı yarandı, elektrik enerjisi verilişi dayandırıldı. Sakinlər yalnız helikopterlərlə təmin edilirdi, lakin hava nəqliyyatına qarşı hücumlar bu imkanı da aradan qaldırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhər güclü artilleriya atəşinə tutuldu. Rusiyanın 366-cı alayının xüsusi köməyi, ağır texnika və zirehli maşınlarla dəstəklənən hücum nəticəsində müdafiəsiz qalan mülki əhali qaçmağa məcbur oldu. Qarlı, şaxtalı gecədə minlərlə insan meşələrə və dağlara üz tutsa da, əvvəlcədən qurulmuş pusqular onların çoxunun həyatına son qoydu. Rəsmi məlumatlara görə, 613 nəfər qətlə yetirildi; onların arasında 63 uşaq, 106 qadın və 70 qoca var idi. Səkkiz ailə tamamilə məhv edildi, yüzlərlə insan yaralandı və əsir götürüldü. Təssüf ki, onlarla xocalılının taleyi isə bu günədək məlum deyil.

Faciənin miqyası və törədilmə üsulları onu adi hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı sistemli zorakılıq aktı kimi xarakterizə edir. Hadisə zamanı insanların diri-diri yandırılması, işgəncələrə məruz qalması və meyitlərin təhqir olunması faktları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu sübut edir.

Xocalı hadisələrinə hüquqi qiymət verilməsi uzun illər davam edən diplomatik və gərgin əməyin nəticəsi kimi mümkün oldu. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il qərarında mülki əhalinin qətlə yetirilməsini “insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilən əməllər” kateqoriyasına aid etdi. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra ölkələrin parlamentləri bu hadisəni soyqırımı kimi tanıyan sənədlər qəbul etdilər. Bu qərarlar faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addım hesab olunur.

Xocalı faciəsi Azərbaycan xalqının kollektiv yaddaşında yalnız bir tarix deyil, həm də milli birliyin və müqavimət iradəsinin rəmzinə çevrilib. Hər il fevralın 26-da ölkə daxilində və xaricdə anım mərasimləri keçirilir, qurbanların xatirəsi yad olunur, dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması üçün kampaniyalar təşkil edilir. Bu proses təkcə tarixi xatırlamaq deyil, həm də gələcək nəsillərin belə faciələrin təkrarlanmaması üçün maarifləndirilməsi məqsədi daşıyır.

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə illərlə həsrətində olduğumuz torpaqlara qovuşmaq arzusu gerçəyə çevrildi və bu qələbə xüsusilə də uzun müddət didərgin həyatı yaşamış soydaşlarımız üçün yeni bir ümid qapısı açdı. Onilliklər boyu işğal altında qalan yurd yerlərimizin azad olunması yalnız hərbi-siyasi uğur deyil, həm də milli qürur, tarixi ədalətin bərpası və dövlətçilik iradəsinin parlaq təcəssümü oldu. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları çərçivəsində azad edilmiş ərazilərdə müasir standartlara cavab verən infrastruktur layihələri icra olunmağa başlandı, yollar çəkildi, kommunikasiya xətləri yeniləndi, sosial obyektlərin təməli qoyuldu.

Bu dirçəliş prosesinin ən həssas və simvolik ünvanlarından biri olan Xocalı şəhərində də artıq həyat yenidən canlanır. Vaxtilə faciə və ağrının ünvanına çevrilmiş bu torpaq indi yenidən quruculuq, ümid və qayıdış rəmzinə çevrilməkdədir. İlk köç karvanlarının doğma yurda dönməsi, sakinlərin yeni tikilmiş evlərdə məskunlaşması, uşaqların yenidən bu torpaqlarda gülüş səslərinin eşidilməsi Xocalının dirçəlişinin canlı sübutudur. Dağıdılmış şəhərin yerində formalaşan yeni mənzərə yalnız fiziki bərpanı deyil, həm də xalqın sarsılmaz ruhunu, tarixi yaddaşını və gələcəyə olan inamını nümayiş etdirir.