Respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da ümummilli liderin anım günündə idarə, müəssisə və təşkilatların nümayəndələri ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz ürəklərdə yaşayan dahi şəxsiyyət Heydər Əliyev gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən ulu öndər Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, dahi şəxsiyyət Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik edərkən ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Ulu öndər 1969-cu ilin 14 iyulunda birinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni sahədə tənəzzül dövrünü yaşayırdı. O zaman məhz ümummilli liderin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşanmışdı. Azərbaycanın dövlət suverenliyi və iqtisadi müs təqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına inteqrasiyası prosesi dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Azərbaycanın yorğun, gücsüz olduğu, hakimiyyət üs- tündə çəkişmələrin getdiyi, satqınlığın olduğu bir dövrdə ümumi düşmənə qarşı birləşmək bir kənarda qalmışdı. Düşmən tamahkar, sərvət düşkünü insanların Azərbaycanda meydan sulamasından, bacarıqsız insanların hakimiyyətə gəlməsindən, vahid ordunun olmamasından istifadə edib, hegemon güclərin dəstəyi ilə Azərbaycanın əzəli torpaqlarını işğal etmiş, uşaq-böyük demədən Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş, bir milyonadək insanımızı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur etmişdilər.
Belə bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Naxçıvandan Bakıya gəlmişdi. Hava limanında yüz minlərlə insan Heydər baba, Ulu öndər plakatları açıb, böyük izdihamla onu səsləyirdi. Heydər baba! Heydər baba! şüarları səslənirdi, xalq qəhrəmanını onları ümidli, aydın gələcəyə çıxaracaq dahi şəxsiyyəti, xilaskarını qarşılayırdı.
Ümummilli lider Heydər Əliyevin dərin biliyi, uzaqgörən siyasəti, uzun illər dövlətçilik təcrübəsinin olması qısa zamanda onun daxili çəkişmələrə son verməsinə gətirib çıxarmış, xalqa və dövlətə zərər verən milli satqınları dövlətçilikdən və dövlətdən qara yara kimi kəsib atmışdı. Bütün ölkədaxili, regional və coğrafisiyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bu mübarizədə Onun və silahdaşlarının həyatına suiqəsdlər edilmiş, lakin O, heç zaman bu mübarizəsindən əl çəkməmişdir.
Ordunun, iqtisadiyyatın olmadığı bir dövrdə ümummilli liderimiz yaxşı bilirdi ki, düşmənlə döyüşü davam etdirmək həm insan tələfatına, həm də torpaqların itirilməsinə gətirib çıxara bilərdi. Bunun üçün O, ilk olaraq 1994-cü il mayın 12-də atəşkəs müqaviləsinin bağlanmasına nail olaraq Azərbaycanın iqtisadi inkişafını, ordu quruculuğunu həyata keçirməyə zəmin yaratdı. Dahi şəxsiyyətin ikinci addımı Azərbaycana sərmayə axınını təmin etmək, yox edilmiş iqtisadiyyatı bərpa etmək və onu inkişaf etdirmək idi. Bunun üçün o, 1994-cü il sentyabrın 20-də tarixə düşmüş və Azərbaycan xalqının həyatına günəş kimi işıq saçan “Əsrin müqaviləsi”ni –dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etdiyi müqaviləni bağlamağa nail olmuşdu.
Ulu öndər Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanıram...”- fikirləri sonralar əyani şəkildə öz təs- diqini dəfələrlə tapmış, axıb gedən zaman ərzində də tapmaqdadır. “Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” - söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərimizin arzularının həyata keçməsinə söz vermiş və dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə möhkəm təminat yaratmışdır.
Zaman bizə müstəqillik tariximizdə çoxsaylı əlamətdar və yaddaqalan hadisələr yaşatdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın çağdaş tarixinə möhtəşəm zəfər salnaməsini yazdı. Azərbaycan misilsiz Qələbə qazandı. Bu qələbə müstəqil dövlətimizin gücünü, ölkəmizin qüdrətini, xalqımızın döyüş ruhunu, qələbə əzmini dünyaya bir daha nümayiş etdirdi. Qədimdən-qədim Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması uğrunda başladığımız müqəddəs Vətən müharibəsinin böyük qələbə ilə sona çatması çoxminillik tariximizın ən parlaq səhifəsidir. Bu, hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdı. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müasir tariximizin ən möhtəşəm hadisəsidir.
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin müstəqilliyini əbədi və dönməz etdiyi Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikasının bütün regionları sürətlə inkişaf edir. Məhz Naxçıvan Muxtar Respublikasında aparılan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfələrini verir. Muxtar Respublikada aparılan abadlıq- quruculuq işləri ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin uğurla davam etdirdiyi inkişaf proqramının əməli nəticələridir. Buna görədir ki, qədim tarixə, mühüm siyasi və iqtisadi strateji əhəmiyyətə malik region bu gün misligörünməmiş şəkildə tərəqqi etməkdədir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Culfa rayonu da aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl məkana çevrilmişdir. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilmişdir. Həmçinin əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, əhalinin məşğulluğu təmin olunmuş, maddi rifah halı daha da yaxşılaşmışdır.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilir.