
Öz xoşbəxtliyini xalqının xoşbəxtliyində görən nadir siyasətçilərdən olan, ömrünü Azərbaycan adlı vətəninə adayan, dövlətçiliyimizin əsasını qoyan şəxs kimi Heydər Əliyev yaşadıqları və yaşatdıqları ilə daima hər bir azərbaycanlının qəlbində Ümummilli Lider olaraq yaşayacaq. Regionda və dünyada baş verən siyasi proseslərin miqyasına baxmayaraq məhz Heydər Əliyev dühasının səyi nəticəsində Azərbaycan əbədi müstəqilliyə və inkişafa qovuşdu.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan edir.
1987-ci ilin oktyabrında Azərbaycan xalqının və dövlətinin gələcək taleyində növbəti ağır günlərin başlanğıcının təməli qoyulur. Beləki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq Heydər Əliyev tutduğu vəzifələrdən istefa verir. Bunu fürsət bilən erməni millətçiləri və onların himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırır və bununla da Azərbaycan xalqının faciələri başlayır. İllərdir bu fürsəti güdən həmin qaragüruhlar yaxşı bilirdilər ki, Heydər Əliyev hakimiyyətdə təmsil olunduğu müddətdə bu çirkin əməllərini həyata keçirə bilməzlər və heç buna cürət də etməzdilər.
90-cı illərin əvvəlində Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyünün yarıtmaz siyasəti, dövlət idarəçiliyi sisteminin ümumiyyətlə olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1990-сı ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bu kimi digər hallar ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Bütün baş verən hadisələr nəyinki əzəli torpaqlarımızı, hətta Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin vaxt AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etdi.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Qurtuluşun rəmzləri:
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.
Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu.
Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.
İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.
Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.
Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.
Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” - Prezident İlham Əliyev.