
Azərbaycanla Türkiyə arasındakı münasibət Ümumilli Lider Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" prinsipinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası müttəfiqlik haqqında Şuşa Bəyannaməsi"ni imzalamaqla dünyaya bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Yenicə işğaldan azad olmuş, xalqımızın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında xüsusilə Milli Qurtuluş Günündə hərtərəfl müttəfiqliyə dair imzalanan Şuşa Bəyannaməsinin olduqca böyük tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Şuşa Bəyannaməsi Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı xarici təhdidlərin neytrallaşdırılması üçün də xüsusi əhəmiyyət kəsb edir. Həmçinin bir dövlətin təhlükəsizliyinin təhdid edilməsi digəri üçün də təhdid sayılır və istənilən tədbirlərin həyata keçirilməsinə əsas verir. Bir sözlə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi bütün əməkdaşlıq sahələrini əhatə edir. Bura siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr də daxildir. Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır və bu prosesləri stimullaşdırır.
Şuşa Bəyannaməsində tarixi ənənələrə ehtiram da öz əksini tapıb. Belə ki, xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları da xüsusilə vurğulanıb.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Belə ki, investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradacaq, inteqrasiyanı dərinləşdirəcəkdir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Çümki Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Prezident İlham Əliyev