Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin münasibətlərində yeni dövrün başlanğıcını qoydu. Tarixi Zəfərdən sonra azad Şuşada imzalanan bu mühüm sənəd Azərbaycan-Türkiyə birliyinin siyasi, iqtisadi, hərbi və mənəvi əsaslarını daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixə söykənir. Sənəddə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ruhu öz əksini tapmışdır. Bu tarixi fikirlər Azərbaycan və Türkiyə xalqlarının əsrlər boyu formalaşmış qardaşlıq münasibətlərinin əsasını təşkil edir.
Şuşa Bəyannaməsi bütün dünyaya verilən mühüm strateji mesajdır. Bu sənəd bir daha nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə dostluq və qardaşlıq deyil, həm də sarsılmaz müttəfiqlik prinsiplərinə əsaslanır. İki dövlət arasında əlaqələr siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, müdafiə sənayesi və hərbi əməkdaşlıq da daxil olmaqla bütün sahələri əhatə edir.
Bəyannamə regional əməkdaşlıq və inteqrasiya üçün yeni perspektivlər açmışdır. Xüsusilə Zəngəzur dəhlizi layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirəcək strateji təşəbbüs kimi böyük əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək bu marşrut ticarət əlaqələrinin genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və yeni imkanların yaranmasına xidmət edir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir və Naxçıvanın iqtisadi potensialının artmasına töhfə verəcəkdir.
Şuşa Bəyannaməsi eyni zamanda qarşılıqlı investisiya qoyuluşlarını təşviq edir. İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni layihələrin həyata keçirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması hər iki dövlətin iqtisadi qüdrətini artırır. İşğaldan azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın praktiki təzahürüdür.
Sənədin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Bəyannamədə nəzərdə tutulan müddəalar iki ölkənin hərbi potensialının gücləndirilməsinə, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına xidmət edir. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının səmərəli nəticələrini bütün dünyaya nümayiş etdirdi.
Şuşa Bəyannaməsində xarici siyasət sahəsində koordinasiya məsələləri də xüsusi yer tutur. Tərəflər beynəlxalq münasibətlər sistemində regional və qlobal təhlükəsizlik məsələlərinin həlli istiqamətində birgə fəaliyyət göstərmək əzmində olduqlarını bəyan etmişlər. Bu, həm Azərbaycanın, həm də Türkiyənin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradır.
Bəyannamə diaspor təşkilatları və media sahəsində əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyəti, informasiya mübadiləsinin gücləndirilməsi və ortaq media platformalarının yaradılması milli maraqların müdafiəsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad olunması xüsusi rəmzi məna daşıyır. Yüz il əvvəl imzalanmış Qars müqaviləsinin davamı kimi qəbul edilən Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir.
Şuşa Bəyannəsi Ermənistanda revanşist qüvvələrə də mühüm mesajdır. Bu sənəd göstərir ki, Azərbaycan və Türkiyə bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması naminə birlik nümayiş etdirir və hər hansı təhdid qarşısında bir-birinin yanında olacaqlar.
Son illərdə Şuşada keçirilən beynəlxalq konfranslar da Bəyannamənin siyasi və geosiyasi əhəmiyyətini bir daha təsdiq edir. Müxtəlif mövzularda təşkil olunan tədbirlər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının regionun gələcəyi üçün nə qədər vacib olduğunu nümayiş etdirir.
Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında imzalanmış siyasi sənəd deyil, həm də ortaq tarixə, milli-mənəvi dəyərlərə və gələcəyə hesablanmış strateji hədəflərə söykənən qardaşlıq manifestidir. Bu sənəd Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını təsdiq edir və bölgədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edən mühüm siyasi platforma kimi tarixdə öz layiqli yerini tutur.