Sudan səmərəli istifadə edək, gələcəyimizi qoruyaq!

Su həyatın mənbəyidir. İnsanların gündəlik fəaliyyəti, kənd təsərrüfatı, sənaye və digər sahələrin davamlı inkişafı məhz su ehtiyatlarından asılıdır. Lakin təəssüf ki, bu vacib sərvət tükənmək üzrədir. Qlobal iqlim dəyişikliyi, artan əhali və qeyri-səmərəli istifadə nəticəsində şirin su ehtiyatları sürətlə azalır. Bu problem təkcə dünya miqyasında deyil, ölkəmizdə, o cümlədən Culfa rayonunda da hiss olunur. Buna görə də hər bir Azərbaycan vətəndaşı, rayonumuzun sakini sudan daha məsuliyyətli və qənaətlə istifadə etməlidir. Məişətdə su kranlarının lazımsız yerə açıq saxlanmaması, əkin sahələrində müasir suvarma texnologiyalarına keçid, sudan səmərəli istifadə vərdişlərinə yiyələnmək bu baxımdan böyük əhəmiyyət daşıyır. Çünki bu qlobal problem yalnız quraq və azyağışlı bölgələrin deyil, həmçinin su ehtiyatları ilə zəngin olan ölkələrin də əsas qayğılarından birinə çevrilib. Hamılıqla dərk etməliyik ki, su həyatın mövcudluğu üçün əvəzolunmaz mənbədir və insan fəaliyyəti nəticəsində bu qiymətli resursun tükənməsi gələcək nəsillər üçün böyük təhlükə yaradır.

Xüsusilə son illər ölkəmizdə yağıntıların azalması və temperaturun artması nəticəsində çay və göllərdə suyun səviyyəsi enib. Naxçıvan Muxtar Respublikasında, o cümlədən Culfa rayonunda da bu tendensiya qabarıq şəkildə nəzərə çarpır. Rayonumuzda kənd təsərrüfatı üçün istifadə olunan su mənbələrində azalma müşahidə olunur ki, bu da əkin sahələrinin və yaşıllıqların suvarılmasında çətinliklər yaradır. Mövcud vəziyyət içməli suyun istifadəsi zamanı əhalidən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir. Su israfına yol verməmək, sadə məişət vərdişlərini dəyişmək, suya qənaət edən texnologiyalara üstünlük vermək bu gün hər kəsin borcudur. İnsanlar başa düşməlidirlər ki, su mənbələri sonsuz deyil və israf olunan hər damla gələcəyin ehtiyatından kəsilir. Bunun üçün də yaşıllıqların və əkin sahələrinin suvarılmasında daha effektiv və qənaətcil sistemlərin tətbiqinə üstünlük verilməlidir. 

 

PS: Su ehtiyatlarının qorunması yalnız dövlətin deyil, cəmiyyətin və hər bir fərdin üzərinə düşən mühüm vəzifədir. Unutmayaq ki, sudan düzgün istifadə həm bu günümüzün, həm də gələcəyimizin təminatıdır. Gəlin birlikdə suya dəyər verək, hər damlasını qoruyaq!