
İqlim dəyişiklikləri və quraqlığın artması nəticəsində dünyada olduğu kimi, ölkəmizdə də şirin su ehtiyatlarının azalması ciddi narahatlıq doğurur. Havaların normadan isti keçməsi, kənd təsərrüfatında suya olan tələbatın artması və qeyri-effektiv suvarma metodlarının tətbiqi bu problemi daha da aktuallaşdırır. Mövcud vəziyyəti nəzərə alaraq, Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzin birgə təşkilatçılığı ilə rayonun kəndlərində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Növbəti tədbir Kırna və Qızılca kəndlərində baş tutub. Görüş zamanı yerli sakinlərə iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri barədə ətraflı məlumat verilib. Çıxış edənlər bildiriblər ki, sudan düzgün və qənaətli istifadə təkcə fərdi təsərrüfatlar üçün deyil, bütövlükdə ölkənin su təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.