
Dünyada gedən geo-siyasi proseslər və bu hadisələrin fonunda Azərbaycanın qətiyyətli mövqeyi, öz sözünü deməsi ölkəmizin nəinki regionda, dünyada, o cümlədən Afrika qitəsində də nüfuzunun artmasına səbəb olub. Güclü iqtisadiyyatı, ordusu olan və müstəqil siyasət yürüdən Azərbaycanın inkişafı “Qara qitə” ölkələrinin diqqətindən yayınmır. Son illər respublikamıza səfərə gələn Afrika ölkələrindən olan rəsmi nümayəndə heyətləri, Afrikadan olan liderlərin Prezident İlham Əliyevlə görüşmək həvəsləri deyilənləri tam təsdiq edir. Bu gün artıq Azəbaycan bir neçə Afrika ölkəsi ilə həm siyasi, iqtisadi həm də müdafiə sənayesi üzrə əməkdaşlıq edir, bu sahələrdə qazandığı təcrübələrini bölüşür.
Somali Federativ Respublikası da Azərbaycanla əlaqələrini genişləndirmək və müxtəlif sahələr üzrə ölkəmizin təcrübəsindən faydalanmaq istəyən ölkələrdən biridir. Bu məqsədlə ilk dəfə olaraq Somali Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə rəsmi səfərə gəlib və səfər çərçivəsində iki ölkə arasında təhsil, müdafiə, enerjetika və sosial xidmətlər üzrə Sazişlər və Anlaşma Memorandumları imzalanaıb. Sənədlərin imzalnma mərasimindən sonra respublikamızın Prezidenti cənab İlham Əliyev qonaq ölkənin Prezidenti Hasan Şeyx Mahmudla birgə mətbuata bəyanatla çıxış ediblər. Ölkəmizin başçısı bildirib ki, Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdiklərini bildrən İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Həmçinin cənab Prezident qeyd edib ki, 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə qonaq dövlət başçısına məlumat verdim.
Cənab Prezident ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verildiyini bildirərək qeyd edib ki, “Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.
Ölkəmizin başçısı Azərbaycanın Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoya biləcəyini qonaq Prezidentlə müzakirə etdiyini bildirdi və qeyd etdi ki, “Cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik”.
Cənab İlham Əliyev çıxışında hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığa maraqlı olduğunu bildirdi və qeyd etdi ki, “Bu gün bu sahədə də sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.