
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfransın rəsmi hissəsi Ulu Öndərin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın bugünkü dinamik inkişafının möhkəm təməlini qoyub. Bu xəttin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq qətiyyətlə davam etdirildiyini bildirən natiq, ərazi bütövlüyümüzün bərpası və ölkəmizin artan beynəlxalq nüfuzunun bu uğurlu siyasətin bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının VII qurultayının partiyanın fəaliyyətinə yeni bir nəfəs və dinamizm gətirdiyini diqqətə çatdırıb. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdən, ölkəmizin sosial-iqtisadi inkişafından və regionlarda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb. İcra başçısı Culfa rayonunda həyata keçirilən abadlıq-quruculuq, sosial və infrastruktur layihələrindən söz açaraq rayonun inkişafında dövlət proqramlarının və həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq əsas məqsədin dövlətimizin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Culfa rayonunun daha müasir, abad və sosial-iqtisadi cəhətdən dayanıqlı rayona çevrilməsi, burada yaşayan insanların rifahının və həyat şəraitinin daha da yaxşılaşdırılması olduğunu bildirib. Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva və Vüqar Rəhimzadə çıxışlarında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və zəngin tarixi inkişaf yoluna xüsusi diqqət çəkiblər. Vurğulanıb ki, çətin sınaqlardan keçərək ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyimizin qorunmasında və möhkəmlənməsində həlledici rol oynamışdır. Deputatlar partiyanın VII qurultayından sonra başlanan yeni mərhələnin ölkənin ictimai-siyasi həyatına və gənclərin fəallığına böyük dinamizm qazandırdığını bildiriblər. Yekunda, Ulu Öndərin əsasını qoyduğu bu siyasi təşkilatın tarixi təcrübəsinin gələcək hədəflərə çatmaqda ən böyük rəhbər olduğu qeyd edilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəsmisi Asif İmaməliyev partiyanın ölkənin ictimai-siyasi həyatındakı rəhbər roluna toxunaraq, qarşıya qoyulan strateji hədəflərin icrasında fəallığın önəmini qeyd edib. Partiya veteranı Hüseyn Şəkərəliyev və ərazi partiya təşkilatının sədri Günel Məmmədova da Yeni Azərbaycan Partiyasının dövlətimizin gələcək tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəyinə əminliklərini ifadə ediblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti yüksək qiymətləndirilərək qənaətbəxş hesab olunub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının növbəti VIII qurultayına nümayəndələr seçilib. Konfrans partiyanın Himninin səsləndirilməsi ilə yekunlaşıb.