Seyidov Miryasin Mirqafar oğlu

Vəzifəsi: Əsgər

Azərbaycanın müasir tarixində qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində rəşadət və igidlik nümayiş etdirən qəhrəmanlarımızdan biri də Seyidov Miryasin Mirqəfar oğludur. O, düşmənin keçilməz hesab etdiyi mövqelərini yararaq, xalqımıza Zəfər sevincini yaşadan igidlərimizdəndir.  Miryasin 1998-ci il dekabr ayının 23-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2005-2016-cı illərdə doğulduğu kənddə təhsil alan Miryasin Seyidov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Miryasin Əsgər həyatını başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən ordu sıralarına qoşulur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Miryasin Seyidov da Şanlı Ordumuzun tərkibində döyüşlərə atılır. Azərbaycan xalqının tarixinə adını qızıl hərflərlə yazan şəhid Miryasin Seyidov 24 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinin düşmən tapdağından azad olunması istiqamətində döyüş tapşırığının icrası zamanı şəhidlik məqamına ucalır. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay olan şəhid Miryasin Seyidov Əbrəqunus kənd qəbiristanlığında dəfn olunub.