Vəzifəsi: Çavuş
Qəribov Cəmaləddin Vahid oğlu 1973-cü il iyulun 29-da Culfa rayonunun Milax kəndində anadan olub. 1980-1991-ci illərdə Milax kənd tam orta məktəbində təhsil alan Cəmaləddin məktəbi bitirdikdən sonra Bakı Rabitə Texnikumuna daxil olur. 1992-ci ilin iyul ayında hərbi xidmətə yollanan Cəmaləddin Qəribov Azərbaycan Ordusunun tərkibində birinci Qarabağ müharibəsində iştirak edir. Cəmaləddin Vətənin müdafiəsi zamanı döyüşlərdə göstərdiyi şücaətə görə 3 aylıq zabit hazırlığı kursuna göndərilir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra tankçı kimi yenidən Qarabağa − ön cəbhəyə qayıdır, Tərtər və Ağdam rayonlarının müdafiəsində tankçı kimi fəaliyyət göstərir. Cəmaləddin Qəribov 1993-cü il iyun ayının 12-də Ağdamın Mərzili kəndi istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Milax kənd qəbiristanlığında dəfn olunub.