Nağıyev Elşad Arif oğlu

Vəzifəsi: Polkovnik-leytenant

İnsan üçün həyatda ən gözəl və doğğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona "Ana Vətən!" deyirik. Vətən uğrunda, onun istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarlıq göstərən, canlarından keçən bütün oğullarımız hər zaman xalqımız tərəfindən qürurla anılacaq, hörmətlə yad ediləcəklər. Tarix boyu yaddaşlarda yaşayacaq, xatırladıqca iftixarla adını anacağımız qəhrəmanlarımızdan biri də Nağıyev Elşad Arif oğludur. Elşad Nağıyev 1963-cü il avqust ayının 11-də Culfa şəhərində anadan olub. O, 1980-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra Ukraynanın Donetsk şəhərində Ali Hərbi Məktəbdə təhsil alıb və Sovet Ordusunda hərbi xidmətə başlayıb. Elşad Nağıyev bir müddət Ukrayna ordu sıralarında xidmət etdikdən sonra fəaliyyətini Sovet qoşunlarının tərkibində Əfqanıstanda davam etdirir. 1986-cı ilin yazında Əfqanıstandan qayıtdıqdan sonra 271-ci taburda bölük komandirinin siyasi işlər üzrə müavini, 342-ci alayda bölük komandirinin müavini, 329, 34 və 370-ci alaylarda komandir müavini vəzifələrində işləyir. Elşad Nağıyev 1990-1993-cü illərdə hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi biliklərini artırmaq məqsədilə Ali Hərbi Siyasi Akademiyada təhsil alır. Azərbaycan Milli Ordusunun formalaşmasında müstəsna rolu olan Elşad Nağıyev 1992-ci ildə Culfa şəhərində yerləşən 754 nömrəli hərbi hissənin komandiri təyin olunur. Xüsusilə muxtar respublikanın sərhəd ərazilərinin, o cümlədən Ordubad rayonunun və Sədərək bölgəsinin erməni təcavüzündən qorunmasında misilsiz xidmətlər göstərir. 1990-cı illərin əvvəllərində muxtar respublikanın alınmaz qalası - Sədərək ermənilər tərəfindən ağır artileriya atəşinə məruz qalan zaman Elşad Nağıyevin rəhbərlik etdiyi hərbi hissə Ermənistanla sərhəd olan, döyüşün ən qızğın nöqtəsinə - Sədərək bölgəsinə göndərilir. Qəhrəmanımız həmin dövrdə bu ərazinin müdafiəsini təşkil etməklə yanaşı, həm də Sədərəkdə taktiki-döyüş və istehkam qurğularının yaradılmasında, orduda nizam-intizamın möhkəmləndirilməsində böyük xidmətlər göstərir. 31 yaşında polkovnik-leytenant rütbəsinə layiq görülən Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərək istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır və bu yüksək rütbəni daşımaq qismət olmur. İki övlad atası olan Elşad Nağıyev, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli 735 nömrəli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimiz Culfa şəhər qəbristanlığında dəfn olunub.