Vəzifəsi: Leytenant
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimiz xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin sarsılmaz dayağıdır. Onların göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik hər bir vətəndaş üçün nümunə, gələcək nəsillər üçünsə vətənə sədaqət dərsidir. İkinci Qarabağ müharibəsində öz canı bahasına tarix yazan igidlərimizdən biri də leytenant Nəcəfov Yaqub Məhəmməd oğludur. 2000-ci il iyulun 7-də Culfa rayonunun Yaycı kəndində anadan olan Yaqub 2006-2014-cü illərdə Culfa şəhər 1 nömrəli tam orta məktəbdə, 2014-2017-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirən Yaqub Nəcəfov buranı bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayır və qısa müddətdə peşəkarlığı, nizam-intizamı, döyüş hazırlığı ilə fərqlənir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Yaqub da yüzlərlə igidimiz kimi ön cəbhəyə yollanaraq torpaqlarımızın azadlığı uğrunda canını əsirgəməmişdir. O, noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olur. Leytenant Yaqub Nəcəfovun igidliyi və Vətən qarşısında göstərdiyi xidmət Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay olan şəhidimiz Culfa şəhər qəbiristanlığında dəfn edilib.