Nəcəfov Məzahir Ramazan oğlu

Vəzifəsi: Əsgər

Nəcəfov Məzahir Ramazan oğlu 1973-cü il iyun ayının 28-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, 1979-1990-cı illərdə Yaycı kənd 1 nömrəli tam orta məktəbdə, 1990-1993-cü illərdə isə Naxçıvan Politexnik Texnikumunda təhsil alır. Məzahir təhsilini bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə çağırılır. Onun xidmət etdiyi bölmə birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyi Tərtər rayonuna, oradan isə Füzuli istiqamətinə göndərilir. Müharibədə tankçı kimi fəaliyyət göstərən Məzahir döyüşə atıldığı ilk günlərdən igidliyi ilə seçilir. 1993-cü ilin dekabrında başlayan, 1994-cü ilin yanvar ayına kimi davam edən döyüş yolunda Məzahir Azərbaycan hərb tarixinə düşmüş uğurlu “Horadiz” əməliyyatında da iştirak edir. Şəhidimizin son döyüşü 1994-cü il yanvar ayının 27-də olur. Füzuli rayonunun Mahmudlu qəsəbəsi və Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə iyirmi bir yaşlı gənc əsgər Məzahir Nəcəfov itkin düşür. Ondan bu günədək heç bir xəbər yoxdur.