Vəzifəsi: Baş çavuş
Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, həmrəyliyini və qətiyyətli mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Uzun illər davam edən yurd həsrəti xalqımızın iradəsini daha da möhkəmləndirdi və nəticədə torpaqlarımız işğaldan azad edildi, dövlətimizin suverenliyi tam bərpa olundu. Bu şanlı tarixin yazılmasında öz canından keçərək adını qəhrəmanlıq salnaməmizə həkk etdirən igidlərimizdən biri də şəhid Məmmədov Sahib Yaşar oğludur. Sahib 1989-cu il noyabr ayının 13-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1996–2007-ci illərdə Yaycı kənd 1 nömrəli tam orta məktəbində təhsil almış, hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrində hərbçi kimi fəaliyyətə başlamışdır. O, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumuna cavab olaraq başlanan əks-hücum əməliyyatında xüsusi təyinatlı qüvvələrin tərkibində iştirak etmiş, oktyabrın 19-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Xidməti dövründə nümunəvi fəaliyyəti ilə fərqlənən Sahib Məmmədov 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Üç övlad atası olan şəhidimiz doğulduğu kənddə, Yaycı kənd qəbiristanlığında dəfn edilmişdir.