Vəzifəsi: Əsgər
Həsənov Vüqar Həsən oğlu 1973-cü il mayın 4-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 1990-cı ildə Yaycı kənd 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra təhsilini kənddə fəaliyyət göstərən Texniki Peşə Məktəbində davam etdirən Vüqar 1991-ci ildə Sovet Ordusunda hərbi xidmətə cəlb edilir. Lakin bir müddət sonra xidmətdən imtina edərək vətənə qayıdır və Culfa rayonundan Sədərəyin müdafiəsinə gedən könüllü dəstələrin tərkibinə qatılaraq döyüşlərdə iştirak edir. Düşmənin Sədərəyə olan hücumlarının qarşısının alınmasında büyük şücaət göstərən Vüqar Həsənov Sədərək kəndi, xüsusən də Mil dağı istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edir. Vüqar Həsənov 14 dekabr 1992-ci ildə Sədərəyin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Subay olan şəhidimiz Yaycı kənd qəbiristanlığında dəfn olunub.