Gülməmmədov Amin Mayis oğlu

Vəzifəsi: Baş leytenant

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan və Azərbaycan hərb tarixində şanlı Zəfər salnaməsi kimi əbədi həkk olunan Vətən müharibəsi xalqımızın milli birliyini, ordumuzun gücünü və əsgərimizin yenilməz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfərin qazanılmasında xüsusi igidlik göstərən qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mənsubu, Culfa rayonunun Saltaq kənd sakini, baş leytenant Gülməmmədov Amin Mayis oğludur. Amin 1995-ci il iyulun 31-də dünyaya göz açıb. Orta təhsilini doğma kəndində aldıqdan sonra Amin Gülməmmədov 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. O, 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Füzuli, Hadrut, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il noyabrın 2-də Daşaltı kəndi uğrunda gedən döyüşlərdə Amin Gülməmmədov xain düşmənin gülləsinə tuş gələrək, qəhrəmancasına şəhid olub. Şəhid baş leytenant Amin Gülməmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. O, doğulduğu Saltaq kənd qəbiristanlığında torpağa tapşırılıb.