Vəzifəsi: Əsgər
Şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimizdir. Ona görə ki, bu Vətən sevdalıları tərəddüd etmədən, ölümün gözünə dik baxaraq torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Öz cəsarətləri ilə düşmənə sübut ediblər ki, Vətən torpağının hər qarışı onlar üçün müqəddəsdir. Yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən qəhrəmanlarımızdan olan Göydağlı Ramazan Əbülfət oğlu 44 günlük ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
Göydağlı Ramazan 1997-ci il fevral ayının 4-də Culfa rayonunun Kırna kəndində anadan olub. 2003-2014-cü illərdə oxuduğu Kırna kənd tam orta məktəbini bitirərək həqiqi hərbi xidmətə yollanan Ramazan 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq ordu sıralarında xidmətə başlayır. Azərbaycan Silahlı Qüvvələrinin mənsubu olan Ramazan Göydağlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq düşmənə layiqli yerini göstərib. 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan Ramazan Göydağlı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay olan şəhidimiz Culfa rayon Kırna kənd qəbiristanlığında dəfn olunub.