Vəzifəsi: Əsgər
Cəfərov Sənan Vəli oğlu 1972-ci il iyulun 28-də Culfa rayonunun Dizə kəndində anadan olub. O, 1989-cu ildə Dizə kənd tam orta məktəbini bitirdikdən sonra Bakı şəhərindəki Dəmiryol Texnikumunda təhsilini davam etdirir. 1990-cı ildə Sovet ordusunda hərbi xidmətə çağırılan Sənan əsgər həyatını tamamladıqdan sonra yarımçıq qalmış təhsilini davam etdirir. Ermənistan ordusu gözlənilmədən torpaqlarımıza hücum edən zaman Sənan Cəfarov təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanır. Müharibədə kəşfiyyatçı olaraq fəaliyyət göstərən Sənan tərkibində olduğu qrupla birgə dəfələrlə düşmən mövqelərinin dərinliklərinə sızaraq onların canlı qüvvəsinin və texnikasının sayını, yerini öyrənərək geri qayıdıb və bu məlumatların sayəsində erməni quldurlarına böyük zərbələr vurulub. Xalqımızın igid oğlu Sənan Cəfərov 1993-cü il yanvar ayının 25-də Ağdərə yaxınlığındakı Fərruxdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb. Ondan bu günədək heç bir xəbər yoxdur.