Vəzifəsi: Kapitan
Azərbaycanın müasir tarixinə şərəfli səhifə kimi yazılan İkinci Qarabağ müharibəsi xalqımızın qəhrəmanlıq ruhunun, milli birliyinin və Vətən sevgisinin parlaq təcəssümüdür. Bu şanlı Zəfərin əldə olunmasında canını fəda edən igidlərimizdən biri də Babayev Şamil Baloğlan oğludur. Şamil 1988-ci il yanvar ayının 26-da Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. O, 1994-2005-ci illərdə Camaldın kənd tam orta məktəbində təhsil almış, 2006-2007-ci illərdə isə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ilin iyul ayından etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2012-2014-cü illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində peşəkar hərbi təhsil almışdır. Şamil Babayev 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun ölkəmizə növbəti hücumuna cavab olaraq başlanan Vətən müharibəsi zamanı peşəkar zabit kimi verdiyi qərarlarla çoxsaylı döyüş tapşırıqlarının uğurla icrasına nail olmuş, rəhbərlik etdiyi bölmənin irəliləməsində mühüm rol oynamışdır.
Xalqımızın igid oğlu noyabr ayının 8-də Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamaı qəhrəmancasına şəhid olmuşdur. Şamil Babayev xidməti dövründə “Qüsursuz xidmətə görə” medalı, ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olan şəhidimiz Culfa rayon Camaldın kənd qəbiristanlığında dəfn olunub.