
Culfa Rayon İcra Hakimiyyətinin və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında rayonumuzdan olan şəhidlərin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhidlərimizin Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqlarından, xalqımızın azadlığı və ərazi bütövlüyü naminə canlarından keçən igidlərimizin əziz xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs edib. Qeyd olunub ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların Vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün örnək olacaq.
Daha sonra “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid Vəli Quliyevin anası Həqiqət xanım, şəhid Yaqub Nəcəfovun atası Məhəmməd müəllim, Vətən müharibəsi qazisi Rza Əlirzayev və Culfa Rayon Mədəniyyət Sarayının direktor vəzifəsini müvəqqəti icra edən Emil Vəliyev çıxış ediblər. Çıxışlarda şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətənə olan sevgilərindən və qəhrəmanlıqlarından danışılıb.
Sonda rayonumuzun şəhidlərinin həyat və döyüş yolunu əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.