
Azərbaycanın müasir tarixində Ermənistan-Azərbaycan münaqişəsi uzun illər ərzində ölkəmizin ərazi bütövlüyünə qarşı aparılmış işğal və terror siyasətinin acı nəticəsi kimi yadda qalmışdır. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü əsassız ərazi iddiaları ilə başlanmışdır. Nəticədə 1990-cı illərin əvvəllərində keçmiş Dağlıq Qarabağ regionu və onun ətrafında yerləşən 7 rayon — Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu işğalın insan faciəsi və maddi zərərləri olduqca böyük olmuşdur. Təxminən 1 milyondan çox Azərbaycan vətəndaşı öz doğma yurd-yuvalarından qovularaq məcburi köçkün vəziyyətinə salınmışdır. Minlərlə mülki şəxs erməni silahlı qüvvələri və separatçı dəstələr tərəfindən qətlə yetirilmişdir. Eyni zamanda, işğal olunmuş ərazilərdə tarixi, dini və mədəni irsimizin bir çox abidələri dağıdılmış, məhv edilmiş, və ya talan olunmuşdur. Bu, həm də Azərbaycanın zəngin mədəni irsinə, tarixə vurulmuş ağır zərbə idi.
Ermənistanın işğal siyasəti BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə pislənmişdir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin Ermənistan bu qərarlara məhəl qoymamış və işğalı davam etmişdir.
Uzun illər davam edən bu münaqişə regionda dinc həyatın, iqtisadi inkişafın və insanların təhlükəsizliyinin təmin olunmasına ciddi maneələr yaratmışdır. Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək üçün siyasi, diplomatik və hüquqi müstəvidə mübarizə aparmışdır. Eyni zamanda, ölkəmiz hərbi qüvvələrini gücləndirmiş və münaqişənin sülh yolu ilə həlli üçün alternativ yollar axtarmışdır.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu müharibə Azərbaycanın hərbi qüdrətinin, xalqın və dövlətin birliyinin təntənəsi olmuşdur. Qələbə ilə nəticələnən ikinci Qarabağ savaşı regionda yeni reallıqlar yaradaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi və gələcəkdə sülhün təminatı üçün mühüm zəmin hazırlamışdır.
İşğal dövründə dərin insan faciələri və dağıntılarla üzləşən Azərbaycan xalqı, bu ağır günləri unutmadan, həm şəhidlərimizin əziz xatirəsini yaşadır, həm də milli birliyini möhkəmləndirərək, ölkəmizin güclü və müstəqil dövlət kimi inkişafını təmin edir. Bu gün Azərbaycan torpaqlarının işğaldan azad olunması, həm də ədalətin, hüququn və beynəlxalq hüquq normalarının qələbəsi kimi qiymətləndirilir. Bu qələbə gələcək nəsillər üçün həm tarix, həm də vətənpərvərlik nümunəsi kimi qalacaqdır.
İkinci Qarabağ müharibəsində qazanılan şanlı Zəfər minlərlə şəhidimizin qanı, canı bahasına əldə olundu. Onların hər biri Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlarla tariximizə adlarını qızıl hərflərlə əbədi yazdırdılar. Şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il 27 Sentyabr tarixi “Anım Günü” kimi təsis edilmişdir. Bu gün respublikanın bütün bölgələrində şəhidlərimiz yad edilir, onların xatirəsi ehtiramla anılır, məzarları ziyarət olunur. Əlamətdar gün münasibətilə Culfa rayonunda da silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimində icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbir iştirakçıları Heydər Əliyev prospektində yerləşən “Şəhidlər Abidə Kompleksi”ni ziyarət etmiş, abidə önünə qərənfillər düzmüş, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər.
Anım Günü – həm hüzn, həm də qürur günüdür. Bu gün biz təkcə itirdiklərimizi xatırlamır, həm də xalq olaraq birliyimizin, gücümüzün və ədalətli mübarizəmizin nəticəsini xatırlayırıq.