
Sədərək kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Seyidov Mirəyyub Miryusif oğlunun anadan olmasının 60 illiyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbir iştirakçıları şəhidimizin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Anım mərasimində çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə qeyd edib ki, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Şəhidlərimizin qəhrəmanlığı, Vətənə bağlılığı və mübarizə əzmi gələcək nəsillər üçün əsl örnəkdir. Onların əziz xatirəsini yaşatmaq və göstərdikləri qəhrəmanlığı gənc nəslə çatdırmaq hər birimizin mənəvi borcudur. Digər çıxış edənlər Mirəyyub Seyidovun Vətənə sədaqətindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışaraq onun əziz xatirəsinin daim ehtiramla anılacağını bildiriblər. Qeyd edək ki, Mirəyyub Seyidov 10 noyabr 1966-cı ildə Culfa rayonunun Camaldın kəndində anadan olub. 1992-ci il iyunun 23-də Sədərək kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.