Şəhidimiz doğum günündə ehtiramla yad edilib

Bu gün Vətən müharibəsi şəhidi Məmmədov Sahib Yaşar oğlunun doğum günüdür. Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılan qəhrəmanımız Füzuli rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin doğum günü münasibətilə məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunun, göstərdikləri igidlik və fədakarlığın hər bir azərbaycanlı üçün qürur nümunəsi olduğunu bildirib. Qeyd edib ki, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Şəhidlərimizin adı və Vətən sevgisi xalqımızın qəlbində əbədi yaşayacaq.