Şəhid Vəli Quliyevin anım günü qeyd olunub

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Quliyev Vəli Kamal oğlunun əziz xatirəsi anılıb. Şəhidin anım günü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub.  Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ruslan Cəfərov da iştirak edib. Anım mərasimində çıxış edən dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri şəhidin döyüş yolundan, Vətənə olan sonsuz bağlılığından və döyüş meydanında nümayiş etdirdiyi igidlikdən danışıblar. 

Şəhidimiz Vəli Quliyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.