
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Göydağlı Ramazan Əbülfət oğludur. O, 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və şücaətlə xalqımızın qəlbində əbədi yer tutub. Ramazan Göydağlı 2020-ci il oktyabrın 28-də Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub.
Şəhidin anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, qəhrəman əsgər və zabitlərimizin göstərdikləri igidlikdən, şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, xalqımız qəhrəman övladlarının xatirəsini daim uca tutur, onların Vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalır.
Digər çıxış edənlər Ramazan Göydağlının şərəfli həyat və döyüş yolundan danışaraq onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıblar.
Anım mərasimində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilərək ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid əsgər Ramazan Göydağlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.