
Sədərək rayonunun erməni quldurlarından müdafiəsinin təşkilində, texniki-döyüş və istehkam qurğularının yaradılmasında, həmçinin Azərbaycan Ordusunda hərbi intizamın möhkəmləndirilməsində mühüm xidmətlər göstərmiş şəhid polkovnik-leytenant Elşad Nağıyev anım günündə ehtiramla yad edilib. Azərbaycan Ordusunun quruculuğu və torpaqlarımızın müdafiəsində xidmətlərinə görə 31 yaşında vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsinə layiq görülən Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərəkdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının və Hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.