Şəhid Mehdi Zeynalov doğum günü münasibətilə məzarı başında yad edilib

8 avqust 1979-cu ildə Culfa rayon Gülüstan kəndində dünyaya göz açan şəhid Zeynalov Mehdi Abbas oğlunun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının və Culfa Rayon Polis Şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Tədbirə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanılmışdır. Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova şəhidimizin əziz xatirəsini ehtiramla yad etmiş, şəhidin ailəsinə başsağlığı və səbr diləmişdir. Şəhid Mehdi Zeynalovun atası Abbas Zeynalov çıxış edərək şəhidlərə verilən dəyərə və ailələrinə göstərilən diqqətə görə ölkə rəhbəri cənab İlham Əliyevə və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir. Sonda şəhid Mehdi Zeynalovun məzarı üzərinə tər güllər düzülmüş, ruhuna dualar oxunmuşdur. Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövr göstərdi ki, igid oğul və qızlarımız Vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hər an hazırdırlar. Məhz bu amalla doğma torpaqlarımız uğrunda şəhid olan mərd, mübariz Vətən övladları gələcək nəsillərə nümunə olan şərəfli iz qoyublar. Belə fədakar oğullarımızdan biri də Zeynalov Mehdi Abbas oğlu idi. 1998-ci ildə həqiqi hərbi xidmətə yollanan Mehdi əsgər həyatını başa vurduqdan sonra geri qayıdır. Bir müddət ərzində müxtəlif işlərdə çalışan qəhrəmanımız uşaqlıq arzusunu reallaşdırmaq və hərbçi olmaq qərarına gəlir. 2012-ci ilin aprel ayından etibarən Zeynalov Mehdi Abbas oğlu “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətə başlayır. Onu tanıyan hər kəs Mehdinin uşaqlıqdan vətənpərvər olduğunu deyir. Onunla birgə işləyən hərbçi yoldaşlarının xatirəsində bu gün də işgüzar, məsuliyyətli, fədakar hərbi qulluqçu kimi qalan Mehdi Zeynalov 2015-ci il aprel ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır. 2 övlad atası olan qəhrəman şəhidimiz anadan olduğu Gülüstən kəndində dəfn edilmişdir.