
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşan bütün oğullarımız hər zaman xalqımız tərəfindən qürurla anılacaq, hörmətlə yad ediləcəklər. Tarixboyu yaddaşlarda yaşayacaq və xatırladıqca iftixarla adını anacağımız qəhrəmanlarımızdan biri də şəhid Quliyev Kənan Vaqif oğludur. Kənan 22 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Şəhidimizin anım günü ilə bağlı keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, rayonda fəaliyyət göstərən hüquq-mühavizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətən müharibəsində zəfər qazanan Rəşadətli Azərbaycan Ordusunun sıralarında mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan Kənan Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.