
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Quliyev Kənan Vaqif oğludur. Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kənan Quliyevin anım günündə əziz xatirəsi dərin ehtiramla yad edilib. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri və şəhid ailələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Döyüş meydanında göstərdiyi igidlik və fədakarlıqla adını tariximizə yazan Kənan Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti gələcək nəsillər üçün əsl örnəkdir. Kənan Quliyevin də əziz xatirəsi daim yaşayacaq, onun Vətən uğrunda göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq.