Şəhid Hafis Qasımovun doğum günü məzarı başında yad olunub

Qəhrəmanlıq salnamələri ilə zəngin olan 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunan şəhid Qasımov Hafis Cavanşir oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində dünyaya göz açan Hafis Qasımov Vətən müharibəsində böyük şücaət göstərmiş, torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizin doğum günü münasibətilə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhid ailələrinin üzvləri Hafisin məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin qəhrəmanlıq yolundan danışılıb, onun Vətəni uğrunda göstərdiyi fədakarlıq yüksək qiymətləndirilib. Tədbir iştirakçıları Hafis Qasımovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.