
Rayonumuzun Camaldın kəndində Vətən müharibəsi şəhidi Qasımov Hafis Cavanşir oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən Hafis Qasımov 2020-ci il oktyabrın 14-də Füzuli rayonu uğrunda gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.