Şəhid Bağır Ələkbərovun ildönümü ehtiramla anılıb

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir. Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran igid oğullarımızdan biri də gizir Ələkbərov Bağır Əsəd oğludur. Bağır Ələkbərov 2020-ci il oktyabrın 14-də Hadrutun düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidin anım günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları onun məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Qeyd edək ki, gizir Bağır Ələkbərov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.