Qürurumuzun ünvanı Şuşa şəhəri

 “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Ali Baş Komandan İlham Əliyevin Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilən bu tarixi sözləri 2020-ci il noyabrın 8-də xalqımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli mövqeyi nəticəsində Qarabağın döyünən qəlbi, milli-mədəni irsimizin beşiyi olan Şuşa şəhəri 28 illik işğaldan azad edildi.

Şuşanın azadlığına gedən yol uzun illərin siyasi, iqtisadi və hərbi hazırlığından keçirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, ölkənin iqtisadi və müdafiə potensialının gücləndirilməsi bu tarixi qələbənin əsasını təşkil etdi. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi, xalqın dövlət başçısı ətrafında sıx birləşməsi Vətən müharibəsində həlledici amillərdən oldu.

44 gün davam edən Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsi qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edirdi ki, Şuşasız Qarabağ məsələsinin həlli mümkün deyil. Noyabrın 8-də bu məqsəd reallığa çevrildi. Azərbaycan əsgəri mürəkkəb relyef şəraitində, sıldırım qayaları və dərin dərələri aşaraq şəhərə daxil oldu. Xüsusi peşəkarlıq, cəsarət və fədakarlıq tələb edən Şuşa əməliyyatı hərb tariximizin unudulmaz səhifəsinə çevrildi.

Şuşanın azad edilməsi xəbərini Azərbaycan xalqına çatdıran Prezident İlham Əliyevin Şəhidlər xiyabanından səsləndirdiyi müraciət isə hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaratdı. Dövlət başçısının “Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq!” bəyanatı illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərini gerçəkləşdirdi. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin fədakarlığı bahasına əldə olundu.

2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşada Azərbaycan Bayrağını ucaltması şəhərin tarixində yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçısının ata vəsiyyətini yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər isə bu tarixi hadisənin mənəvi əhəmiyyətini bir daha ifadə etdi.

Şuşanın azadlığı ilə Qarabağda başlanan yeni mərhələ 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri ilə davam etdi. Nəticədə bölgədə separatçı rejimin mövcudluğuna son qoyuldu və Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi.

Şuşa sadəcə coğrafi məkan deyil. Bu şəhər Azərbaycan xalqının musiqisinin, poeziyasının, incəsənətinin, milli-mənəvi dəyərlərinin və tarixi yaddaşının ayrılmaz parçasıdır. Pənahəli xan tərəfindən əsası qoyulan şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Sadıqcan kimi görkəmli şəxsiyyətlərin adı Şuşanın zəngin mədəni irsi ilə sıx bağlıdır.

1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi şəhərin qorunması istiqamətində atılmış mühüm addımlardan biri idi. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə ciddi ziyan dəysə də, Şuşanın milli kimliyi və mənəvi dəyəri xalqımızın yaddaşından silinmədi.

Şuşa azad edildikdən sonra şəhərin tarixi simasının qorunması və mədəni həyatının bərpası istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul olunan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi.

2022-ci ilin “Şuşa İli” elan edilməsi, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi Şuşanın beynəlxalq mədəni və turizm məkanına çevrilməsi istiqamətində mühüm mərhələlər oldu.

Şuşanın azadlığı ilə başlayan quruculuq prosesi şəhərin hər bir küçəsində, hər bir tarixi məkanında özünü göstərir. Burada həyata keçirilən işlər yalnız dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, həm də şəhərin tarixi-memarlıq simasının qorunmasını, mədəni irsinin gələcək nəsillərə çatdırılmasını və müasir yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir.

İşğaldan azad edildikdən sonra Şuşaya gedən 101 kilometrlik avtomobil yolunun inşası və “Zəfər yolu” adlandırılması qayıdışın rəmzlərindən birinə çevrildi. Şəhərdə elektrik enerjisi, su təchizatı, rabitə, nəqliyyat və digər mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması istiqamətində layihələr həyata keçirildi.

Tarixi abidələrin bərpası da xüsusi diqqət mərkəzində saxlanıldı. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Şirin su hamamı, Aşağı və Yuxarı Gövhərağa məscidləri, Mamayı və Çöl Qala məscidləri, Mehmandarovların malikanə kompleksi və digər tarixi məkanlar bərpa edilərək əvvəlki görkəminə qaytarıldı.

İşğal zamanı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin yenidən öz yerlərinə qaytarılması isə xüsusi mənəvi məna daşıyır. Bu addım Şuşanın mədəni yaddaşının bərpasının, xalqımızın öz tarixinə və şəxsiyyətlərinə sahib çıxmasının ifadəsidir.

Şəhərin sosial infrastrukturu da yenidən qurulur. Yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, xidmət obyektləri, hotellər və turizm infrastrukturu Şuşanın müasir inkişafına töhfə verir. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotellərinin yenidənqurmadan sonra istifadəyə verilməsi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılması, Dövlət Xidmətləri Mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə görülən işlərin mühüm nəticələrindəndir.

2024-cü ilin may ayında Şuşada birinci yaşayış kompleksinin açılışı və ilk sakinlərin doğma şəhərə qayıdışı Böyük Qayıdış prosesində əlamətdar hadisə oldu. Sonrakı mərhələlərdə yaşayış binalarının və sosial obyektlərin tikintisi davam etdirildi. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə, 1579 nəfər doğma yurduna qayıdaraq burada yeni həyata başlayıb.

Şuşanın 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiq edilməsi şəhərin gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Baş planda tarixi-memarlıq irsinin qorunması, təbii landşaftın mühafizəsi, müasir nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun yaradılması, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Bu gün Şuşa yalnız Azərbaycanın deyil, bütövlükdə regionun diqqət mərkəzində olan şəhərlərdən birinə çevrilib. Uzun illərdən sonra yenidən dirçələn şəhərdə keçirilən beynəlxalq tədbirlər onun mədəniyyət, diplomatiya və turizm məkanı kimi əhəmiyyətini artırır. Cıdır düzündə təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və digər tədbirlər şəhərin zəngin mədəni irsini dünyaya tanıdır. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının burada qarşılanması şəhərin ölkəmizin xarici əlaqələrində də mühüm məkan olduğunu göstərir. 2024-cü ilin iyulunda Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması şəhərin beynəlxalq əhəmiyyətini bir daha gündəmə gətirdi. Sonrakı illərdə də müxtəlif dövlətlərin rəhbərlərinin Şuşaya səfərləri, burada keçirilən görüşlər və mədəni tədbirlər şəhərin yeni inkişaf mərhələsinin tərkib hissəsinə çevrildi.

Bu gün Şuşanın küçələrində yenidən həyat canlanır, tarixi məkanlarında musiqi səslənir, doğma yurduna qayıdan sakinlərin addım səsləri eşidilir. Bir zamanlar işğalın ağır izlərini daşıyan şəhər indi quruculuğun, bərpanın və yenidən məskunlaşmanın ünvanıdır.

Şuşanın azad edilməsi Azərbaycan xalqının tarixində qürurla xatırlanan hadisə, onun dirçəldilməsi isə gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir. Çünki Şuşanı yaşatmaq, onun tarixi-mədəni irsini qorumaq və inkişaf etdirmək milli yaddaşımıza, dövlətçilik ənənələrimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.