Dünyada gedən siyasi proseslər onu deməyə əsas verir ki, dünya artıq iki qütblülükdən (ABŞ-Rüsiya) çox qütblülüyə doğru gedir. Son bir neçə ildir həm siyasi, həm də iqtisadi sahədə gərginliyin artmasının səbəbi də məhz budur. Artıq inkişaf etmiş ölkələrin qarşılıqlı münasibətlərində fikir ayrılıqlarının artması və nüfuz dairələrini genişləndirmək arzuları dünya nizamına bir başa təsir edir. Maraqlı tərəfi isə odur ki, son zamanlar bəzi müttəfiq ölkələrin də fərqli fikirlərdə olduğunu müşahidə edirik. Bu da vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir. Ölkəmiz də dünyanın bir parçası olduğu üçün cərəyan edən hadisələr təbii olaraq müsbət və ya mənfi mənada öz təsirini göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan baş verən proseslərdən maksimum dərəcədə qazanclı çıxan az saylı ölkələrdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin siyasi təcrübəsi sayəsində Azərbaycan hadisələrin fəal iştirakçısı olmaqla yanaşı, həm bütün sahələrdə sabitliyi qoruyub saxlaya bilib, həm də təşəbbüskar bir dövlət kimi öz mövqeyini ortaya qoyur. Bu da yeni dünya nizamının qurulmasında ölkəmizin rolunu və əhəmiyyətini sübut edir.
Azərbaycan yeni dünya nizamının qurulmasında çoxdan iştirak edir. Belə ki, 2011-ci ildən paytaxt Bakıda keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq foruma ev sahibliyi etməklə proseslərin içində olduğunu göstərir. Bu forum, xüsusilə müxtəlif qlobal məsələlərin müzakirə olunduğu, iqtisadiyyat, təhlükəsizlik, beynəlxalq münasibətlər və digər mövzulara dair fikir mübadiləsinin aparıldığı bir tədbir olaraq tanınır. Forum hər il keçirilərək, iştirakçı ölkələrin nümayəndələri, diplomatlar və müxtəlif sahələrdə fəaliyyət göstərən ekspertlər üçün müzakirə platforması rolunu oynayır. Aprelin 9-da keçirilən növbəti forumda ölkəmizin başçısı İlham Əliyev də iştirak edib və iştirakçıpları maraqlandıran sualları cavablandırıb.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, “Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir. Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı”.
Cənab Prezident Forumun iştirakçılarını maraqlandıran çoxlu suallara cavab verərək dünyada baş verən proseslər haqqında öz fikirlərini bölüşdü. Qeyd etdi ki, “Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Bu məsələ qismən yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Eyni sözləri Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq”.
Ölkə başçısı Ermənistanın 44 günlük müharibədə imzaladığı kapitulyasiya aktına baxmayaraq, dırnaqarası dostlarından pis məsləhətlər aldığını bildirdi və qeyd etdi ki, “Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır”.
Cənab Prezident Türkiyə və İsrail ilə münasibətlərimizə dair fikirlərini bildirdi və qeyd etdi ki, “Türkiyə və İsrail Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Bunu heç vaxt ictimailəşdirmədik. Buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz addımlarımızın alqoritmini bilirik”.
ABŞ-Azərbaycan münasibətlərinə də toxunan cənab İlham Əliyev qeyd etdi ki, “ABŞ-nin Azərbaycanla güclü əlaqələrinin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda, başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Həmçinin Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildən iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur”.
Ölkəmizin başçısı cənab İlham Əliyev Forumda iştirakı zamanı ünvanlanan sulları səmimi cavablandırmaqla, Azərbaycanın qurulmaqda olan yeni dünya nizamındakı mövqeyini və istəyini bir daha dünya ictimaiyyətinə xatırlatdı.