Qazilərə göstərilən diqqət və qayğı davam etdirilir

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər – Bayramov Elşən Heydər oğlu, Bayramov Cehun Bayraməli oğlu və Məmmədov Ümman Rafiq oğlunu evlərində ziyarət edib. Görüş zamanı rayon rəhbəri qazilərlə səmimi söhbət edib, onların səhhəti, gündəlik qayğıları və qarşılaşdıqları problemlərlə maraqlanıb, müraciət və təkliflərini dinləyib. Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış qazilərimizə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Sonda Naim Cahidzadə qazilərə Vətən uğrunda göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirərək onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıb.